Dekabrın 1-də Gəncə şəhəri ərazisində fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Xocalı rayon Kosalar kənd sakini, Birinci Qarabağ Müharibəsinin "Azərbaycan Bayrağı" ordenli şəhidi Əsgərov Xəzani Kərəm oğlunun anadan olmasının 60 illik yubilieyi münasibətilə tədbiri keçiridli. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları, kənd sakinləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və məktəblilər iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilmiş şəhidimizin məzarını ziyarət etdilər, şəhidimizə dərin ehtiram əlaməti olaraq məzarı üstünə qərənfillər düzdülər. Xocalı rayon Kosalar kənd Mədəniyyət evində davam edən tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Xocalı rayon Yaloba kənd tam orta məktəbinin Uşaq Birliyi Təşkilatı Rəhbəri Ulduz Əsgərova şəhid Xəzani Əsgərovun həyatı və döyüş yolu haqqında məruzə ilə çıxış etdi. Bildirdi ki, Əsgərov Xəzani Kərəm oğlu 1962-ci il dekabrın 1-də Xocalı rayon Kosalar kəndində dünyaya göz açıb və doğma kəndində boya-başa çatıbdır. O, 1991-ci ildən Şuşa Polis bölməsinin nəzdində fəaliyyət göstərən Kosalar rotasında polis nəfəri kimi fəaliyyətə başlayıb. Müharibənin qızğın çağlarında Xəzani Əsəgrov idarə etdiyi maşınla yaralıların və şəhidlərin atəş mövqeyindən çıxarılmasında həmişə seçilib. Cəmilli, Meşəli uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. Xəzani Əsgərov Ağdərə bölgəsində 708 saylı yüksəkliyin alınması zamanı 5 nəfər yaralının həyatını xilas etdiyi üçün mükafatlandırılmışdır. Kosalar kəndi işğal olunduqdan sonra Şuşa polis batalyonunun tərkibində Laçın, Ağdərə, Dranbon, Mehmanə, Laçının Billur düzü, Fingə, Arduşlu, Xaçınyalı kəndləri, Şuşanın Sarıbaba ərazilərində gedən hərbi əməliyyatlarda da iştirak etmişdir. 1994-cü ildə Ağdərə rayonunun "Gödəkburun" istiqamətində gedən döyüşlərdə Kosalar rotası mühasirəyə düşür. Rota komandiri “Azərbaycanın Milli Qəhrəmanı” Mövsüm Məmmədov başından yaralanır. Qorxmaz və cəsur döyüşçü olan Xəzani Əsgərov “Qaz-66” markalı maşınla mühasirəni yarır, yaralıları və döyüş sursatını çıxardır. Xəzani Əsgərov 1994-cü il, fevral ayının 12-də idarə etdiyi "Qaz-66" markalı xidməti maşınla Murovdağ bölgəsinə ezam olunmuş və döyüşlər zamanı şəhid olmuşdur. Azərbaycan Resbublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə Əsgərov Xəzani Kərəm oğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, rayon icra hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin direktoru Ramiz Məhərrəmov, Xocalı rayon Kosalar kənd tam orta mçəktəbinin direktoru Rafiq Quliyev, Xocalı rayon Yaloba kənd tam orta məktəbinin direktoru İslam Bayramov çıxış edərək Kosalar kənd camaatının Birinci Qarabağ döyüşlərində igidliklərindən danışdılar. Vurğulandı ki, Kosalar kəndinə ermənilər dəfələrlə hücumlar təşkil ediblər. Hər dəfə ağır itkilər verərək geri çəkilən düşmən bu qəhrəman kənddə öz işğal planlarını həyata keçirə bilmirdilər. 1992-ci ilin may ayının 9-da erməni mühasirəsi qarşısında tək qalan kəndin özünümüdafiə dəstəsi və kənardan gələn qüvvələr sonadək düşmənlərə qarşı layiqli mübarizə apardılar. Lakin təpədən-dırnağadək silahlanan, bizdən say baxımından dəfələrlə üstün olan erməni quldurları Kosalar kəndinin müdafiəsi üçün lazımi köməklik olmadığına görə kəndi işğal edə bildilər. Kosalar kəndinin müdafiəsində dayanan igid oğullardan biri də Xəzani Əsgərov olub. Onun doğma kəndinin işğalından sonra düşmənə qarşı olan nifrəti daha da artmışdı. Ata-baba yurdunun işğalına dözməyən Xəzani Əsgərov sonrakı döyüşlərində də qisas almaq üçün mübarizəsini davam etdirdi. Xəzani Əsgərovun döyüş yoldaşları - Vidadi Hümbətov, Mənsur Əliyev, Şamil Məhərrəmov çıxışlarında şəhidimizin döyüş yolundan bəhs etdilər, onunla olan xatirələrini paylaşdılar. Xəzani Əsgərovun rəşadətlə iştirak etdiyi döyüşlərdən məlumat verdilər. Natiqlər qeyd etdilər ki, Xəzani Əsgərov cəsur döyüşçü, vətənpərvər insan olduğu kimi, həm də çox gözəl yoldaşlığı olub. Şəhidin ailə üzvləri - həyat yoldaşı Gülabə Əsgərova, qardaşı Kənan Əsgərov, bacısı Yeganə Həsənova şəhidimizin xatirəsini uca tutduqları üçün tədbir iştirakçılarına təşəkkür etdilər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.